Marketlərdə toyuq filesi niyə yoxdur?
Bakıda bir sıra marketlərdə toyuq filesinin satışda olmadığı, bəzi satış nöqtələrində isə məhsulun əvvəlki dövrlə müqayisədə daha baha qiymətə təklif edildiyi müşahidə olunur. Satıcıların sözlərinə görə, məhsul bir müddətdir ki, mağazalara əvvəlki həcmdə gətirilmir. File almaq istəyən istehlakçılar isə əsasən ixtisaslaşmış toyuq məhsulları mağazalarına üz tutmalı olurlar. Bu satış nöqtələrində də qiymətlər əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Hazırda toyuq filesinin ən ucuz qiyməti 8,5 manatdan başlayır. Satıcılar son bir ay ərzində məhsulun qiymətinin təxminən 1,5 manat artmasını toyuq filesi üzrə yaranan qıtlıqla əlaqələndirirlər. Medıaxeberlerı.Az xəbər verir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli Modern.az-a açıqlamasında son dövrlərdə toyuq filesi və doğranmış toyuq hissələri üzrə ciddi qıtlığın müşahidə olunmadığını bildirib. Onunm sözlərinə görə, bəzi satış nöqtələrində yaranan çatışmazlığın əsas səbəblərindən biri tələbatın artmasıdır. M.Həsənlinin fikrincə, sentyabr ayında insanların tətildən qayıtması, eləcə də ölkəyə gələn turistlərin sayının çoxalması toyuq ətinə, xüsusilə file və bud hissələrinə tələbatı artırıb. Bundan başqa, qırmızı ətin son dövrdə 1-2 manat bahalaşması da istehlakçıların toyuq ətinə yönəlməsini gücləndirib. “Yaxın 3-5 gündə bu qıtlıq aradan qalxacaq. Hazırda istehsalda kifayət qədər toyuq var”, - deyə Mürvət Həsənli bildirib. Assosiasiya sədri qiymət artımının da gözlənilmədiyini deyib.





















