Məlumat vermədən övladını sinifdə saxladılar - VİDEO
Paytaxtın Xəzər rayonunda valideynlə məktəb rəhbərliyi arasında narazılıq yaranıb. Mediaxeberleri.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Binə qəsəbəsində yerləşən 334 saylı tam orta məktəbin 7A sinfində təhsil alan şagirdin valideyni Səyyar İmanov övladının sinifdə saxlanılması ilə bağlı ona vaxtında məlumat verilmədiyini iddia edir. Valideynin sözlərinə görə, tədris ili başa çatarkən ailəyə uşağın növbəti sinfə keçirilməsi ilə bağlı hər hansı problemin olduğu bildirilməyib. Lakin yeni tədris ilinin başlanmasına az müddət qalmış məktəb rəhbərliyi şagirdin sinifdə saxlanıldığını açıqlayıb. İmanov bildirir ki, məktəbə dəvət olunsa da, övladının sənədləri ona təqdim edilməyib. Onun iddiasına görə, məktəb rəhbərliyi şagirdin sinifdə saxlanılması barədə məlumatın elektron sistemə vaxtında yerləşdirilmədiyini deyib. Valideynə uşağın sinifdə saxlanılmasının səbəbi kimi dərsə davamiyyəti göstərilib. Səyyar İmanov qeyd edib ki, övladı artıq yeddi ildir həmin məktəbdə təhsil alır və indiyədək ailə ilə məktəbin pedaqoji kollektivi arasında hər hansı problem yaşanmayıb. Onun sözlərinə görə, ötən tədris ilində şagird səhhətində yaranan problemlə əlaqədar bir neçə gün dərsdə iştirak etməyib. Məsələ ilə bağlı məktəb rəhbərliyinin mövqeyi barədə əlavə məlumat verilməyib. 





















