Paket çayların görünməyən təhlükəsi – Ekspert nələri açıqladı?
Müasir dövrümüzdə demək olar ki, gündəlik istifadə edilən paket çayların insan orqanizminə bir sıra zərərləri ola bilər. İlk növbədə, bəzi paket çayların hazırlanmasında plastik tərkibli materiallardan istifadə olunur. İsti su ilə təmas zamanı bu materiallardan mikro və nano ölçülü hissəciklərin suya keçməsi mümkündür. Bu hissəciklərin mütəmadi şəkildə orqanizmə daxil olması sağlamlıq baxımından narahatlıq doğuran məsələlərdən biridir. Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova paket çayların təhlükəsi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, digər məqam isə paket çayların tərkibində istifadə olunan kimyəvi maddələrdir: “Bəzi məhsullarda müxtəlif aromatizatorlardan və sintetik mənşəli boyalardan istifadə edilir. Bu maddələr çayın daha tez rəng almasına və dad-aromasının gücləndirilməsinə xidmət edə bilər. Lakin onların həddindən artıq istifadəsi həzm sistemi ilə bağlı problemlərə səbəb ola bilər. Bəzi hallarda bu cür məhsulların yaddaşa, hormonal sistemə və ümumi orqanizm funksiyalarına mənfi təsir göstərə biləcəyi də iddia olunur. Xüsusilə yeniyetməlik dövründə kimyəvi tərkibli məhsulların uzunmüddətli və nəzarətsiz istifadəsi arzuolunmaz nəticələr yarada bilər. Bitki çayları, arıqlama çayları və adi qara çaylar paketlənmə baxımından oxşar sənaye proseslərindən keçə bilər. Son dövrlərdə bəzi çay markaları plastik əvəzinə, parça və pambıq əsaslı materiallardan istifadə etməyə başlayıblar. Lakin bu, məhsulun tamamilə risksiz olduğu anlamına gəlmir. Çünki çayın xammalının uzun müddət saxlanılması, kiflənməsinin və bakteriyaların yaranmasının qarşısının alınması üçün müxtəlif maddələrdən istifadə edilə bilər”.





















