Xoşbəxt olmaq üçün nələr lazımdır?
Xoşbəxtlik davamlı sevinc hissi deyil. O, insanın həyatında məna tapması, özünü təhlükəsiz hiss etməsi, sağlam münasibətlər qurması və çətinliklərlə mübarizə aparmaq üçün daxili resurslarının olması ilə bağlıdır. Ona görə də xoşbəxt cəmiyyət yaratmaq təkcə iqtisadi göstəricilərlə deyil, insanların psixoloji rifahına və sosial əlaqələrinə verilən dəyərlə də ölçülməlidir. Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında psixoloq Nizami Orucov deyib. O bildirib ki, son illərdə bir çox ölkədə insanların həyat məmnuniyyəti və xoşbəxtlik göstəricilərində müəyyən azalma müşahidə olunur: “İqtisadi qeyri-müəyyənlik, müharibələr, pandemiyanın uzunmüddətli psixoloji təsirləri, sosial təcrid, sürətli həyat tempi və rəqəmsal dünyanın yaratdığı daimi müqayisə hissi insanların emosional rifahına təsir edən əsas amillərdəndir”. Psixoloqun fikrincə, ən mühüm səbəblərdən biri insanların getdikcə daha çox müqayisə etməsidir: “Sosial şəbəkələrdə insanlar başqalarının həyatının yalnız ən uğurlu və xoşbəxt görünən tərəfini görürlər. Bu zaman öz həyatlarını həmin görüntülərlə müqayisə edir və sahib olduqlarını deyil, çatışmayanları görməyə başlayırlar. Həmçinin insanlar texnologiya sayəsində bir-biri ilə daha çox əlaqədə olsalar da, emosional yaxınlıq və mənalı münasibətlər zəifləyib. Araşdırmalar da göstərir ki, güvənli sosial əlaqələr və dəstək sistemi insanın psixoloji rifahını qoruyan ən güclü amillərdəndir”. Ekspertin sözlərinə görə, xoşbəxtlik göstəricilərindəki eniş qaçılmazdır: “Xoşbəxtliyi yalnız maddi uğur, status və ya davamlı mükəmməlliklə əlaqələndirmək də insanı yorur. İnsan daim daha çoxuna çatmağa çalışdıqda, əldə etdikləri qısa müddətdə adiləşir və məmnunluq hissi azalır. Psixologiyada bu vəziyyət hedonik adaptasiya adlanır – insan yeni uğurlara, rahatlığa tez alışır və yenidən özünü natamam hiss etməyə başlayır. Bu vəziyyəti dəyişmək mümkündür. Bunun üçün təkcə fərdlər deyil, cəmiyyət də psixi sağlamlığa daha çox önəm verməli, sosial dəstək sistemləri gücləndirilməli, iş və şəxsi həyat arasında balans qorunmalı, ailə və dost münasibətlərinə daha çox dəyər verilməlidir. Eyni zamanda insanların psixoloji yardım almağa münasibətinin dəyişməsi də müsbət addımdır”.





















