Rusiyanın Odessaya zərbəsi: ölən var
Rusiyanın Ukraynanın Odessa vilayətinə raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub. Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna tərəfi məlumat yayıb. Odessa Vilayət Prokurorluğunun mətbuat katibi İnna Verbanın sözlərinə görə, hücum yaşayış məntəqələrini hədəf alıb. Nəticədə fərdi yaşayış evinin damı dağılıb, daha iki evə ziyan dəyib, pəncərələri sınıb. Hücum zamanı 61 yaşlı yerli sakin həlak olub. Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, pilotsuz uçuş aparatı yaşayış məntəqələrindən birində ikimərtəbəli yaşayış binasına düşüb və nəticədə bir qadın ölüb. Hücum zamanı magistral qaz kəmərində də yanğın baş verdiyi bildirilir. Ukrayna hüquq-mühafizə orqanları insan ölümünə səbəb olan hərbi cinayət faktı üzrə istintaqa başlayıb.





















