SİYASİ VARİSLİYİN ƏN PARLAQ NÜMUNƏSİ - Heydər Əliyev siyasəti xalqımızın qiymətli mənəvi sərvətidir
Ulu Öndər Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı. Heydər Əliyevin siyasətinin layiqli davamçısı, böyük siyasi məktəb keçmiş, çoxşaxəli fəaliyyətilə xalqın rəğbətini və məhəbbətini qazanmış Prezident İlham Əliyev müasir şəraitdə Azərbaycanın hərtərəfli tərəqqisinə, demokratik imicinin yüksəlməsinə çalışan görkəmli və böyük siyasətçi, siyasi xadimdir. Siyasət həddindən artıq incəliklərlə zəngin olan elm olduğuna görə onu həyata keçirənlər də yüksək intellektə, siyasi zəkaya malik olmalı, cəmiyyətdəki hadisələrin inkişafı və dəyişməsi axarını məharətlə duymalıdır. Cəmiyyəti, xalqı ağıllı, düzgün idarə etmək əsl siyasi məharətdir. Dövləti müdrikliklə idarə edənlərin siyasi mənəviyyatı mənsub olduğu xalqın milli sərvəti kimi qiymətləndirilməlidir. Bu mənada Heydər Əliyev siyasəti xalqımızın çox qiymətli mənəvi sərvəti kimi qəbul edilmişdir. N.Tusinin "Əxlaqi-nasiri" kitabında siyasət haqqında yazdığı sözlər olduqca dəyərli və müasir səslənir. Onun fikrincə, ictimai əməyi təşkil etmək, özbaşınalığa və hərc-mərcliyə yol verməmək üçün müəyyən tədbirlər görmək ehtiyacı yaranır ki, bütün bunlar "siyasət" adlanır. N.Tusi insanları təkmilləşdirən ədalətli, müdrik, namuslu siyasəti "ilahi siyasət" hesab edir və Aristotelin əsərlərinə əsaslanaraq siyasətin dörd növünü qeyd edir: ölkə siyasəti, qələbə siyasəti, kəramət siyasəti və camaat siyasəti. Onun fikrincə, ölkə siyasəti camaatın fəzilətinin artmasına səbəb olmalıdır. Qələbə siyasəti nakəs adamlara qarşı görülən tədbirlərə deyilir. Kəramət siyasəti nəticəsində insanların peşə və sənətləri inkişaf etməlidir. Camaat siyasəti ədalətli vicdan əsasında tərtib edilmiş müxtəlif qayda-qanunlara deyilir ki, bununla camaatı idarə edərlər. N.Tusi siyasətin həyata keçirilməsini "dərrakə, fəzilətdə və mərifətdə xüsusi istedadı olan" ülvi bir ilhama malik şəxslərin adı ilə əlaqələndirir və göstərir ki, yalnız onlar şəraitin nə tələb etdiyini müəyyənləşdirə və bununla da "dava-dalaş və ixtilafın" qarşısını ala bilərlər. O, göstərirdi ki, qədim alimlərin ifadəsi ilə belə adamlara "qanun sahibi" deyilərdi. Əflatun (Platon) özünün "Siyasət" kitabının beşinci məqaləsində belə adamlara işarə edərək demişdir: "Bunlar qüvvətli, böyük və fövqəladə adamlardır". Aristotel isə demişdir: "Onların qeybdən xəbərləri var, möcüzə sahibidirlər". Cənab İlham Əliyev Heydər Əliyev kimi siyasətə kompleks yanaşmanın, daxili və xarici siyasəti vəhdətdə götürməyin, siyasi, iqtisadi, mənəvi, mədəni aspektləri vəhdətdə təqdim etmənin canlı nümunəsidir. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. O, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi, eyni zamanda demokratik prinsiplərin və milli dəyərlərin sintezini yarada bildi. Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdırmağa nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Cənab Prezident İlham Əliyevin iyirmi illik fəaliyyətinin ən şah əsəri 44 günlük Zəfər müharibəsi və separatizmin ləğv edilməsidir. Bu strateji siyasətin uğur qazanılması uzunmüddətli zərgər dəqiqliyi ilə hesablanmış siyasi təfəkkürün məhsuludur. Bu strategiyanın əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Heydər Əliyev iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir fikrinin altındakı həqiqətləri ən gözəl öz siyasi varisi İlham Əliyev əxz etmişdir. Təsadüfi deyil ki, bu uğurlu ata-oğul sələf-xələf tandeminin ən gözəl əməkdaşlığı məhz Azərbaycan xalqının taleyində müstəsna rolu olmuş neft strategiyası və onun nəticəsi olan "Əsrin müqaviləsi" idi. Heydər Əliyev demişdir: "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır". Cənab İlham Əliyev 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmaqla Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmiş, müstəqil Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifi olmaqla neft strategiyasının gerçəkləşməsində müstəsna xidmətləri olmuşdur. "Əsrin müqaviləsi"nin bağlanmasında mühüm rol oynamışdır. Bu gün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan amilinin xüsusi yeri var. İllər oncə neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olunmasında, iqtisadi potensialımızın artmasında "Əsrin müqaviləsi" nə qədər mühüm rol oynayırdısa, Azərbaycanın milli maraqlarının təmin olunmasında da bir o qədər əhəmiyyətli rol oynayırdı. Konsorsiumun üzvü olan ölkələrin Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən jestlər təkcə ədalətli mövqeyin deyil, həmçinin iqtisadi qüdrətimizin göstərcisi idi. Siyasi varislik, gələcəyimizin təminatı Sabitlik cəmiyyətin məqsədyönlü və dinamik vəziyyətinin rəhnidir. Bu tarix boyu dəfələrlə təsdiqini tapıb. Ona görə də Heydər Əliyevin öz xələfi barədə narahatçılıq keçirməsi təbii idi. O, öz xələfini əvvəlcədən hazırlamağa başlamışdır. İlham Əliyev müsahibələrinin birində deyir: "Atam öz siyasi təcrübəsini addım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi. Ancaq o, əvvəlcə məni dinləyir, bəzən razılaşır, bəzən də etiraz edirdi. Mən getdikcə daha tez-tez Azərbaycan Prezidentinin rəsmi danışıqlarında iştirak edirdim. Adətən, susur, baş verənləri əxz edirdim. İndi mən tam əminəm ki, Heydər Əliyevin tutduğu yol Azərbaycanın uğurlu və təhlükəsiz inkişafının ən mühüm amilidir. Təbii ki, bu yol müəyyən düzəlişlərlə davam etdirilməlidir. Uzun illər və onilliklər boyu. Mən qətiyyətlə bunu gerçəkləşdirməyə çalışacam". Siyasi varisliyin ən parlaq nümunəsi olan İlham Əliyev fenomeninin sirri onun yüksək diplomatik bacarığı, çevik düşüncəsi və müdrikliyindən doğan uğurlu fəaliyyətidir. Azərbaycanı qarşıdakı illərdə davamlı inkişaf, tərəqqi yolunda inamla irəliləməsini təmin edəcək gənc siyasi lider illərin çətin və mürəkkəb sınaqlarından qalib çıxmış praqmatik, zəngin dövlətçilik qabiliyyətinə malik olan Ümummilli Lider Heydər Əliyevin siyasət və həyat məktəbində yetişirdi. Bu barədə İlham Əliyev sonralar qeyd edirdi: "Mən 15 yaşımdan etibarən Moskvada oxuyurdum. Yeri gəlmişkən, məni məktəbə tez - 5 yaşımda qoymuşdular. Eyni zamanda mən "ailə imtahanları" da verirdim. Özü də semestrdə bir dəfə yox, daim. Onları Heydər Əliyev keçirirdi. Mən evdə qonaqların qəbulunda iştirak edirdim. Atamın süfrə başındakı yüksək dərəcəli söhbətlərinə yiyələnirdim. Hər şeydən vacibi isə bir çox həqiqətləri mənimsəyirdim. Məsələn, belə bir həqiqəti: hər insanın dəyəri onun mənəvi zənginliyi və biliyi ilə ölçülür. Evdə siyasətin ilk dərslərini də öyrənirdim. Onlar gələcəkdə mənə necə də lazım gəldi! Xülasə, onda aramızda, sadəcə "ata-oğul" münasibətləri deyil, "müəllim-şagird", ondan da əvvəl "sələf-xələf" münasibətləri yaranmışdı. Bəlkə də mən o dövrü çox təntənəli - nostalji tonda yada salıram. Ancaq atama pərəstişim, ona olan minnətdarlığım o qədər böyükdür ki, onun haqqında yazanda sakit və laqeyd qala bilmirəm. Təkrar edirəm: mən öz universitet illərimi yalnız məktəbdə və MDBMİ-də, ətrafdakılarla ünsiyyətdə deyil, həm də evdə, ailədə keçmişəm". Beləliklə də Ümummilli Liderdən böyük siyasət dərsləri alan İlham Əliyev qeyd edirdi ki, "atam öz siyasətçi təcrübəsini addım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi". Həqiqətən də İlham Əliyev Ulu Öndərin və xalqın ona bəslədiyi inam və ümidləri doğrultdu. İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində qələbəsindən sonra ölkəyə rəhbərliyinin ilk illərindən Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsindən bəhrələnərək Azərbaycanın sürətli inkişaf yolunu müəyyənləşdirdi. İlham Əliyev və türk dünyası Ümummilli Liderimiz Heydər Əliyevin hələ 1990-cı illərin əvvəllərində ifadə etdiyi "Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik" fikirləri türk xalqlarının gələcək inkişaf strategiyasının leytmotivinə çevrildi. Heydər Əliyev Azərbaycanın türk dünyası, xüsusilə müstəqil türk dövlətləri ilə əlaqələrinin gələcək inkişaf proqramını verərək birgə fəaliyyətin perspektivlərini müəyyənləşdirdi. Dahi şəxsiyyətin məqsədi türk xalqlarını vahid təsisat altında birləşdirmək idi. Bu arzu cənab İlham Əliyevin gərgin fəaliyyəti ilə gerçəkləşdi. Türk Dövlətləri Təşkilatının gələcəkdə dünyanın siyasi səhnəsində mühüm güc mərkəzlərindən birinə çevriləcəyi perspektivinə inanmamaq mümkün deyil. Türk dövlətlərinin bir təsisat ətrafında birləşdirilməsi ideyası qədim ideoloji köklərə malikdir. Hələ əsrin əvvəllərində türk dünyasının nəhəng fikir adamları İsmayıl bəy Qaspralı, Əli bəy Huseynzadə, Sədri Maksudi, Yusif bəy Akçuralı, Əhməd bəy Ağaoğlu və başqaları tərəfindən bu ideyalar inkişaf etdirilmiş və bütün türk coğrafiyasını əhatə etmişdir. Sovetlər dönəmində isə turançılıq və pantürkizm ideyalarının daşıyıcısı olduqları üçün on minlərlə ziyalılar təqib edilmiş, repressiyaya məruz qalmış, qətlə yetirilmiş və sürgün edilmişdir. Lakin bu ideyalar hər bir türk övladının qəlbində yaşamışdır. Sovetlər birliyində yaşayan türk xalqları müstəqillik əldə etdikdən sonra artıq bu ideyalar siyasi-mənəvi, iqtisadi-sosial kontekstdə gerçəkləşmə istiqaməti aldı. Türk xalqlarının siyasi, iqtisadi, mənəvi gücünün bir təsisat altında birləşdirilməsi müasir tariximizin bir parçası olmaqla şahidlik etdiyimiz gerçəkliklərdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş türkçülüyün inkişaf strategiyası türk dünyasının aparıcı liderlərindən olan cənab İlham Əliyevin müstəsna töhfələri oldu. 44 günlük Zəfər müharibəsindən sonra İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Ali Orden Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunub. Orden təqdim edilərkən R.T.Ərdoğanın Prezident İlham Əliyevə Müzəffər Ali Baş Komandan deyə müraciət etməsi hər bir azərbaycanlının qəlbində fərəh və qürur hissi yaratdı. Azərbaycan və Türkiyə prezidentlərinin sarsılmaz qardaşlığı bütün dünyaya bəllidir. Bunun ən son nümunəsi Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının növbəti Qranada raundu ərəfəsində özünü bir daha göstərdi. Qranada da Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş keçirilməli idi. Ancaq görüş baş tutmadı. Azərbaycan görüşdə Türkiyənin iştirakına israr etdi. Lakin buna imkan verilmədi. Məsələdə Fransa və Almaniyanın xüsusi canfəşanlığı həlledici rol oynadı. Belədə təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan əhvali-ruhiyəsi olduğunu görmək çətin deyildir. Strateji və çevik qərarlar qəbul edən cənab İlham Əliyevin Qranada görüşündən imtina etməsi Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlığının təntənəsi idi. Cənab İlham Əliyev Şuşa Bəyannaməsində Türkiyə-Azərbaycan münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə qaldırdı. Həmçinin Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə sadiqlik məsələsi öz təsdiqini tapdı. Qranada görüşünün baykot olunması Türkiyəyə qarşı İlham Əliyevin sistematik jestlərinin təbii davamı idi. Bu hadisələr fonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı cənab Prezidentin 8 kəndimizin hələ də Ermənistanın işğalı altında olmasını bildirməsi və bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulaması onun qətiyyətli mövqeyinin bariz nümunəsidir. Eyforiyaya qapılmayan Lider Müharibədən sonrakı vəziyyət bütün dünyada, regionda əməkdaşlığın yeni istiqamətlərini müəyyən edir. Bu barədə Prezident İlham Əliyev YAP-ın VII qurultayında xüsusi vurğulamışdır: "İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib". Böyük Zəfərdən sonra 44 günlük Vətən müharibəsində daim Azərbaycanın yanında olan Türkiyə ilə qardaşlıq münasibətlərinin təntənəsinə ən əyani nümunə hər iki ölkənin dövlət başçıları - Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin təməlqoyma mərasimində iştirakı və bütün dünyaya səsləndirilən fikirlər artıq regionda yeni güc mərkəzinin yarandığını təsbit etmiş oldu. Böyük Zəfərdən sonra Füzuli Beynəlxalq Hava Limanının açılışı reallaşdırıldı və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, başqa sözlə, maraqla gözlənilən Zəngəzur dəhlizinin bir hissəsinin təməli qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Zəngəzur dəhlizinin bir hissəsinin təməlinin qoyulması Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyinin parlaq nümunəsi oldu. 2021-ci ilin 15 iyununda Türkiyə Prezidentinin Şuşaya ilk rəsmi səfərində Şuşa Bəyannaməsinin imzalanması da müttəfiqliyin məntiqi tərkib hissəsi kimi günümüzün reallığıdır. Bu, iki qardaş ölkənin liderinin birgə səyləri ilə bölgədə davamlı sülhə töhfə verən nəticələr verəcək. Noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq qələbənin simvoludur. Qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Zəfər yolu" adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub. Cənab Prezident doğum günündə - 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının yeni binasının açılışını etdi. Orada tarixi nitq söylədi: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır". Cənab Prezident tarixi nitqində bizi gerçəkçi olmağa çağırır və söyləyir: "Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq eyni zamanda biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır. O vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi". Onu da qeyd etmək vacibdir ki, dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında imzaladığı sərəncamlar Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir. Cənab İlham Əliyevin 20 illik hakimiyyəti bizə müasir tələblərə cavab verən müzəffər ordunu, ərazi bütövlüyümüzün bərpasını, müzəffər xalq və qalib dövlət kimi yaşamağı, zədələnmiş milli qürurumuzun bərpasını, Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inamı, təkamül yolu ilə inkişaf edən demokratik ənənələri, milli iqtisadiyyatın diversifikasiyasını, güclü iqtisadiyyatı, müstəqil xarici siyasəti olan Azərbaycanı, enerji diplomatiyasında regional və qlobal əhəmiyyətli aktor olmağı, regionların sosial-iqtisadi inkişafını, dövlət-xalq və hakimiyyətin siyasi münasibətlər fonunda həmrəyliyini və Şanlı Qələbəni qazandırdı. 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbə Azərbaycan tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi olmaqla dövlətimizi, xalqımızı böyütdü, dünyaya daha yaxından tanıtdı. İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda müharibə 44 gün davam etdi, ermənipərəst dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun cəsarəti, qətiyyəti və əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub. Son 20 ildə isə Ulu Öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlar, nəhayət, ata Əliyevin ən böyük arzusunu da gerçəkləşdirmək imkanı yaratdı. Xalqımız Prezident, Ali Baş Komandan - oğul Əliyevin rəhbərliyi ilə Qarabağı düşməndən azad etdi. 30 ildən sonra müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu. Qarabağın tacı sayılan Şuşanın işğaldan azad olunduğunu noyabrın 8-də ölkənin Ali Baş Komandanı İlham Əliyev təntənəli surətdə bəyan etdi: "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!" Bəli, İkinci Qarabağ müharibəsinin zəfərlə başa çatdırılmasına görə həm də Ulu Öndər Heydər Əliyevə, onun uzaqgörən siyasət kursuna borcluyuq, onun ruhuna minnətdarıq. Sadiq QURBANOV, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri