Aktyor Cümşüd Zeynalov təltif edildi - Prezident mükafatı
Prezident İlham Əliyev mayın 7-də incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.Az xəbər verir ki, Sərəncama əsasən, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən 150 nəfər mükafatlandırılıb, bunların sırasında Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru Cümşüd Zeynalov da səhnə fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə təltif olunub. Dəyərli aktyorumuzu təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq! Xatırladaq ki, Cümşüd Zeynalov 1982-ci il oktyabrın 2 də Ağstafa rayonunun Həsənsu kəndində dünyaya göz açmışdır. İlk təhsilini Vurğun qəsəbə orta məktəbində almışdır. 1994-1999-cu illərdə Hüseyn Arif adına musiqi məktəbində qarmon sinfində təhsil almışdır. 2001-2002-ci İllərdə hərbi xidmətdə olmuş, geri qayıtdıqdan sonra 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsinə qəbul olmuşdur və 2007-ci ildə oranı bitirmişdir. 2007-2008 ci illərdə Bakı Bələdiyyə teatrı, 2012-2014-cü illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərkibində Vahid Satira Teatrında çalışmışdır. 2012-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışır.





















