Rusiyanın zərbə endirdiyi Türkiyəyə məxsus gəmidə daha dörd dənizçinin meyiti tapıldı
İyulun 19-da Rusiyanın üç raketlə zərbə endirdiyi Türkiyəyə məxsus "GOLDEN LEO" mülki yük gəmisində daha dörd dənizçinin meyiti aşkarlanıb. Mediaxeberleri.Az-ın məlumatına görə, bunu Odessa Vilayət Prokurorluğunun mətbuat xidməti bildirib. Məlumata əsasən, bununla da Rusiya hücumu nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Ölənlərdən 9-u əcnəbi ekipaj üzvü, 1-i isə ukraynalı bələdçi (lotsman) olub. "İyulun 20-si səhər saatlarına olan məlumata görə, düşmənin xarici mülki gəmiyə endirdiyi zərbə nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib. Daha 7 nəfər isə yaralanıb", – deyə Odessa Vilayət Prokurorluğundan bildirilib. Xatırladaq ki, Rusiya ordusu Qara dənizdə taxıl daşıyan mülki yük gəmisinə raket zərbəsi endirib. Qvineya-Bisau bayrağı altında üzən, Türkiyə şirkətinə məxsus "Golden Leo" quru yük gəmisi döyüş zonasını tərk edərkən üç ədəd X-59/X-69 qanadlı raketlə vurulub.





















