Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. “Xalqım və şəxsən öz adımdan sizi 7 iyun 2026-cı il tarixində Ermənistan Respublikasında keçirilən parlament seçkilərində rəhbərlik etdiyiniz Mülki Müqavilə Partiyasının uğuru münasibətilə səmimi qəlbdən təbrik edir və üçüncü dəfə hökumətin qurulmasında sizə uğurlar arzulayıram. Əminəm ki, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması və bu istiqamətdə lazımi əməkdaşlığın təmin edilməsi ilə bağlı strateji vizyonunuz uğurla həyata keçiriləcək”, - təbrikdə qeyd olunub. Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif də Mülki Müqavilə Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə Ermənistan Baş naziri Nikol Paşinyana təbrik mesajı göndərib. “Pakistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Ermənistanda keçirilən bu yaxınlarda keçirilən parlament seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Pakistan-Ermənistan münasibətlərini gücləndirmək üçün Zati-alilərinizlə işləməyi səbirsizliklə gözləyirəm və Pakistanın Azərbaycan ilə Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulamaq istərdim”, - təbrikdə bildirilib.





















