BAKIDA “ÖLÜM AYAĞINDA” OLAN TERRORÇU İRƏVANDA “DIRİLDİ” - Azərbaycanın əfv etdiyi məxluq Koçaryana qoşulub + VİDEO
Azərbaycan tərəfindən əfv edilən terrorçu Vaqif Xaçaturyan hazırda İrəvanda “siyasətə qoşulub”. Erməni mediasının yazdığna görə, Xaçaturyan Qarabağdakı separatizmin lideri, Azərbaycana qarşı saysız-hesabsız hərbi cinayətlər törətmiş Robert Koçaryanın partiyasına qoşulub. Sosial şəbəkələrdə və mediada onun Koçaryanla görüşüb söhbətləşdiyini əks etdirən kadrlar yayımlanıb. Görüntülərdən də aydın olduğu kimi, Azərbaycanda gözünün suyunu axıdıb məhkəməyə yalvaran, Xocalı qırğınında günahsız olduğunu bildirərək and içən, xəstə, hətta “ölüm ayağında” olduğu iddia edilən Xaçaturyan İrəvanda “dirilib” və köhnə qatı millətçi, revanşist qüvvələrin toplaşdığı Koçaryanın dəstəsinə qoşulub. Xatırladaq ki, əfvdən əvvəl rəsmi olaraq onun ağır xəstə və ölüm ayağında olduğu elan edilmişdi. Onun azad olunması da məhbusa qarşı humanizm aktı kimi göstərilmişdi. Deməli, ya bizim həkimlər düz diaqnoz qoymayıb, ya da biz həmişəki kimi ermənilərə layiq olduqlarından qat-qat artıq mərhəmət göstərmişik… İndi göründüyü kimi, bu məxluqda heç bir xəstə sifəti yoxdur, “yanağından yağ damır” və köhnə terrorçu sürüsünə qoşulacaq qədər sağlamdır. Əlacı və imkanı olsa, zamanında törətdiyi cinayətlərin daha betərini törədər. Onun iyrənc xislətinin daha bir göstəricisi də odur ki, Xaçaturyan onun azad edilməsində böyük rol oynamış Nikol Paşinyanın siyasi partiyasında deyil, terrorçu Koçaryanın yanında yer alır. Bizim humanizmimiz isə zəiflik kimi qələmə verilir… Qeyd edək ki, Azərbaycanın əfv etdiyi digər erməni terrorçu - Georgi Sudjyan, azadlığa buraxılan kimi Azərbaycana qarşı AİHM-də məhkəmə iddiası qaldırıb. İndi bütün bunlardan sonra hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanı, Araik Aratunyanı, Bako Saakyanı və digər quldurları buraxsaq, onların İrəvana çatan kimi nə edəcəklərini, kimlərin yanında duracaqlarını təsəvvür etmək çətin deyil. Odur ki, bu cinayətkarların, terrorçuların buraxılması heç zaman müzakirə, danışıq mövzusu olmalı deyil və Azərbaycana, azərbaycanlılara qarşı hərbi cinayətlər, qırğınlar törətmiş terrorçular üçün Bakı həbsxanası son mənzil olmalıdır! C.Məmmədli “AzPolitika.info”





















