Azərbaycan mənim evimdir - İran şahı
Rusiya imperiyası dövründə Tiflisdə rus dilində nəşr olunan “Qafqaz” (Kavkaz) rəsmi hökumət qəzeti Qacar xanədanını, Tehran və Təbrizdə baş verən hadisələri diqqətlə izləyir, ora ezam edilən əməkdaşları tərəfindən göndərilən xəbərləri dərhal dərc edirdi. 1896-cı ildə Müzəffərəddin şah Təbrizdən ayrılıb Tehrana taxt-taca getməli olur. Müzəffərəddin şah Nəsirəddin şah oğlu Qovanlı-Qacar uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Atasının qətlindən sonra 1896-cı ildə Qacar imperiyasının şahlıq taxtına əyləşmişdir. Bu barədə qəzetin 5 iyun 1896-cı 147-ci sayında xüsusi bir yazı dərc edilir. Yazıda şahın Təbrizdən yola düşməsi, xalqla vidalaşması və Azərbaycanı öz oğlu Məhəmməd Əli Mirzəyə tapşırması barədə geniş məlumat verilir. Şah Təbrizin əyanları, ruhaniləri və xalq nümayəndələri qarşısında vida nitqi söyləyərkən oğlunu onlara təqdim edərək bu sözləri demişdi: “Mən ən əziz varlığımı (oğlumu) ən əziz yerimə (Azərbaycana) əmanət edirəm. Azərbaycan mənim evimdir, onu dünyada hər şeydən çox sevirəm... O, hər bir azərbaycanlı üçün ata olmalıdır. Mən özüm otuz yeddi illik hakimiyyətim dövründə azərbaycanlılara ata kimi yanaşmışam. İtizadus-Soltane mənim nümunəmi izləməlidir”. O, bu müraciəti ilə həm də oğluna Azərbaycanın sülalə üçün nə dərəcədə əhəmiyyətli olduğunu xatıradırdı. “Qafqaz” qəzetinin müxbiri Təbrizdən yazırdı: “Şah Azərbaycanı “Dövlətin dayağı” (Mədar-ül-Məmləkə) və özünün doğma evi adlandırırdı”. Müzəffərəddin şah Təbrizdə keçirdiyi 30 ildən çox müddətdə sarayda və gündəlik həyatda əsasən Azərbaycan türkcəsində danışıb və bu millətdən olması ilə fəxr edib. Osmanlı dövlətinə səfəri zamanı da danışıqları türk dilində aparıb. Müzəffərəddin şah Tehrana getdikdən sonra da Təbrizdən gələn hər bir xəbərə qarşı çox həssas idi. Hətta deyilənə görə, o, ömrünün sonuna qədər “Təbriz havası” üçün darıxdığını tez-tez dilə gətirərmiş.





















