Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib
Qazax rayonunda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi artıq bir ənənə halını alıb. İstər bayram ərəfələrində, istərsə də adi günlərdə bütün qəbiristanlıqlarda iməcilik keçirilir. Müqəddəs Ramazan ayı başlayıb, qarşıdan isə milli bayramımız olan Novruz bayramı gəlir. Hər il olduğu kimi, bu il də bayramlar ərəfəsində Qazax rayonunun sakinləri qəbiristanlıqlarda olublar. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə fevralın 21-də şəhər və rayonun bütün kənd qəbiristanlıqlarında ənənə şəklini alan ümumrayon iməciliyi keçirilib. Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradılması məqsədilə keçirilən iməcilkdə rayon sakinləri də iştirak edib. İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb. İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər. Məlumat üçün bildirək ki, iməcilik fevralın 22-də də davam edəcək.





























