Cəlilabad rayonunda məktəbin həyətyanı sahəsi satılıb? - VİDEO
Cəlilabad rayonunda məktəb ərazisinin qanunsuz olaraq satıldığı iddia olunur. Mediaxeberleri.Az xəbər verir ki, rayon sakini Üçtəpə kəndində olan Məzahir Ağayev adına Üçtəpə kənd orta məktəbin ərazisinin satıldığını iddia edib. Oxu.Az-ın sorğusuna cavab olaraq Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən videoda çıxış edən Cəlilabad rayonunun Üçtəpə kənd sakini Edqar Xıdır oğlu Şükürovun iddiaları həqiqəti əks etdirmir: "Şəhid Məzahir Ağayev adına Üçtəpə kənd tam orta məktəbinin ərazisinə bitişik olan bələdiyyəyə məxsus torpaq sahəsi sonradan Üçtəpə bələdiyyəsi tərəfindən kommersiya obyektlərinin tikintisi məqsədi ilə hərrac yolu ilə satılıb və satılan şəxslərə çıxarışla rəsmiləşdirilib. Həmçinin bildiririk ki, məktəbin ərazisində tikilməsi iddia edilən fərdi yaşayış evlərinin məktəbin ərazisinə heç bir aidiyyəti yoxdur. Edqar Şükürovun çıxışında səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir". Lənkəran-Astara Regional Təhsil İdarəsindən də Oxu.Az-ın sorğusuna cavab olaraq Cəlilabad rayonu Məzahir Ağayev adına Üçtəpə kənd tam orta ümumtəhsil məktəbinin faktiki ərazisi müəssisənin Texniki Pasportunda qeyd edilən sahə ilə eynilik təşkil etdiyi bildirilib.





















