Ağstafada piyadanı vuraraq hadisə yerindən qaçan şəxsə hökm oxundu
Gəncə Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürüb, hadisə yerindən qaçmaqda təqsirləndirilən Elvin Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Mediaxeberleri.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Əliyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 9 ay 8 gün müddətə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, ağır yol-nəqliyyat hadisəsi 2025-ci il avqustun 1-də, saat 1 radələrində Bakı-Qazax magistral avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən 463-cü kilometrliyində baş verib. Belə ki, Elvin Əliyev sərxoş vəziyyətdə, etibarnamə olmadan və sürücülük vəsiqəsi ilə atasına məxsus "Mercedes-Benz E-220" markalı avtomobili idarə edib. O, Bakı istiqamətində hərəkətdə olarkən sürət həddini aşıb. Nəticədə Elvin maşınla həmin vaxt yolu keçən piyada - 2004-cü il təvəllüdlü Elgün Valeh oğlu Fəziyevi vurub. Hadisə zamanı piyada başın ağır küt travması, qapalı kəllə-beyin travması, sağ ənsə-gicgah nahiyəsinə qansızma, sağ ənsə nahiyəsinin əzilmiş yarası, həmçinin bədənin müxtəlif səthi sıyrılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli sayılan ağır bədən xəsarətləri alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümü alınmış xəsarətlər nəticəsində beyinə qansızma və ödem fonunda yaranmış mərkəzi tipli ağciyər-ürək çatışmazlığından baş verib. Bundan başqa, ittihamda göstərilir ki, təqsirləndirilən E.Əliyev yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsə hər hansı yardım göstərməyib, aidiyyəti dövlət orqanlarına məlumat vermədən hadisə yerindən qəsdən qaçıb. Hadisədən sonra Elvin Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.





















