"Qarabağ"ın püşkatması uğurlu sayıla bilər?
"Düşünürəm ki, püşk "Qarabağ" üçün yaxşı oldu." Bunu idman jurnalisti Kənan Məstəliyev "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl Yunayted" komandasına rəqib olması barədə Oxu.Az-a danışarkən deyib. O bildirib ki, PSJ ilə müqayisədə rəqibin "Nyukasl Yunayted" olması təmsilçimiz üçün daha uğurludur: "Püşk bizim üçün yaxşı oldu. PSJ UEFA Çempionlar Liqasının son qalibi, heyətində "Qızıl top"u qazanan futbolçunun (Usman Dembele) çıxış etdiyi komandadır. Paris təmsilçisi bütün klubların üz-üzə gəlmək istəmədiyi rəqiblərdən biri, hətta birincisidir. Püşkatmada rəqib kimi onların bizə düşməsi heç yaxşı olmazdı. Müqayisə etdikdə "Nyukasl Yunayted"in daha uyğun rəqib olduğunu düşünürəm. Təbii ki, onlar da güclü rəqibdir. İngilis komandasıdır, Premyer Liqada yaxşı çıxış edirlər". "İlk qarşılaşmanın Bakıda olması daha yaxşı oldu. Çünki bu, "Qarabağ"ın həyəcanını atmaq üçün fürsətdir. Rəqibin gücünə bələd olub, Bakıda yaxşı nəticə əldə etdikdən sonra cavab görüşünə daha motivasiyalı çıxmaq mümkün olacaq", - deyə K.Məstəliyev bildirib. Qeyd edək ki, pley-off oyunları 17-18 fevral və 24-25 fevralda baş tutacaq. "Qarabağ" ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.






















