Magistral yolda "ölüm qaranlığı": Dörd aydır niyə tədbir görülmür? - VİDEO
Mingəçeviri Yevlaxın Xaldan qəsəbəsi ilə birləşdirən magistral yolda işıqlandırmanın olmaması sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, artıq 3-4 aydır yol tamamilə qaranlıqdır. Xüsusilə Havarlı, Hacıselli, Bəydili və Gülövşə kəndləri ərazisindən keçən magistral yolun elektrik lampalarının yanmaması ciddi təhlükə yaradır. "Dəfələrlə bu ərazidə qəzalar baş verib, heyvanlar vurulub. Burada qaranlıq olduğundan göz gözü görmür", - sakinlərdən biri bildirib. Başqa bir vətəndaş isə qeyd edib: "Qaranlıq olduğu üçün ayağımın altını görə bilmirəm. Yağışlı, palçıqlı günlərdə paltarlarım çirklənir. İşıqlar yansa, vəziyyət xeyli yaxşılaşardı". Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yolun həmin hissəsində işıqlandırma sistemində texniki nasazlıq yaranıb. Hazırda sistemin bərpası istiqamətində texniki işlər davam edir. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq işlərin qısa müddətdə yekunlaşdırılması və yolun işıqlandırılmasının təmin edilməsi planlaşdırılır.





















