Təmizlənməyən suvarma arxı sakinləri problemlərlə üz-üzə qoydu: "Su qoşulan kimi evimə dolur"
Quba rayonunun İdrisqışlaq kənd sakinləri yaşayış məntəqəsindən keçən su kanalının vaxtında təmizlənməməsindən şikayət edirlər. Uzun müddətdir baxımsız qalan kanalı ot basıb, lil qatı ilə dolan məcra isə tez-tez daşır. Nəticədə su evlərə və həyətyanı sahələrə dolur. Kənd sakinləri yaranan çətinliyi belə ifadə ediblər: "Su qoşulan kimi mənim evimə su dolur. Təxminən 300-400 metr ərazi belədir. Torpaq, zibil, hamısı buranı basıb. Bir balaca daxma tikmişəm, o da suyun içindədir. Xəstə adamam, gücüm çatmır ki, oranı özüm təmizləyim". Məsələ ilə bağlı Şabran Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Firudin Babayev açıqlama verərək bildirib ki, təmizlik işləri qrafik üzrə aparılacaq: "Suvarma arxlarının uzunluğu və xidmət etdiyi ərazilər nəzərə alınmaqla təmizləmə işləri növbəli və mərhələli şəkildə həyata keçirilir. Quba rayonunun İdrisqışlaq kənd ərazisindən keçən suvarma arxında lil və kol-kosdan təmizlənmə işlərinin qrafikə uyğun olaraq yaxın vaxtlarda aparılması planlaşdırılır".





















