Nazir qazaxlıları təbrik etdi
Əziz qazaxlılar - “İdman Paytaxtımız”ın sakinləri! Hörmətli idmançılar və idman ictimaiyyətinin nümayəndələri! Son illər ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində regionların idman potensialının ön plana çıxarılması yeni bir ənənəyə çevrilib. Bu baxımdan Quba və Qəbələdən sonra Qazax şəhərinin 2026-cı il üçün “İdman Paytaxtı” seçilməsi mühüm hadisədir. Bu münasibətlə bütün Qazax sakinlərini ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi davamlı diqqət və qayğı sayəsində ölkəmizdə idman təkcə yüksək nəticələr deyil, eyni zamanda sağlam həyat tərzinin əsas dayaqlarından biri kimi formalaşıb. Müasir idman qurğularının yaradılması, kütləvi idman tədbirlərinin təşkili və regionlarda bu sahəyə marağın artırılması dövlət idman siyasətinin əsas istiqamətlərindəndir. Qazax rayonu formalaşmış idman ənənələri və fəal ictimai mühiti ilə seçilir. Əminəm ki, “İdman Paytaxtı” statusu Qazaxda bu sahəyə olan marağı daha da gücləndirəcək, yeni təşəbbüslərin reallaşmasına və idman həyatının canlanmasına şərait yaradacaq. İnanıram ki, Qazax şəhəri əvvəlki illərin müsbət təcrübəsindən faydalanaraq il ərzində müxtəlif idman tədbirləri ilə seçiləcək, əhalinin fiziki fəallığının artırılmasına və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verəcək. Qazax rayonunun bütün sakinlərini, xüsusilə gəncləri və idmansevərləri 2026-cı il boyunca həyata keçiriləcək “İdman Paytaxtı” tədbirlərində fəal iştirak etməyə çağırıram. Bir daha ölkəmizin yeni “İdman Paytaxtı” Qazaxı təbrik edir, bu məsuliyyətli missiyanın uğurla həyata keçirilməsini arzulayıram!. Fərid Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri





















