Dövlət Məşğulluq Agentliyi üç milyon manata ofis icarəyə götürür
Mediaxeberleri.Az xəbər verir ki, satınalmanın qalibi Gülnarə Sultan qızı İbadova olub. Tenderin ümumi dəyəri 2 milyon 998 min 599.6 manat təşkil edir. Şərtlərə əsasən, icarəyə götürüləcək ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 8335 kvadratmetr olmalıdır. Ofis məkanında minimum 140-150 otaq nəzərdə tutulur. Onlardan 50-si 30-35 kvadratmetr, qalanları isə 20-25 kvadratmetr sahəyə malik olmalıdır. Bundan əlavə, ofisdə minimum 5 iclas zalı, hər mərtəbədə isə ən azı 3 mətbəx və 5 sanitar qovşağı olmalıdır. Texniki tələblərə görə, binada mərkəzləşdirilmiş server otağı, internet xəttinin birbaşa əməkdaşların fərdi kompüterlərinə qoşulma imkanı, 2 sürətli sərnişin lifti və 1 yük lifti mövcud olmalıdır. Həmçinin minimum 60 nəqliyyat vasitəsi üçün yeraltı dayanacaq və ya həyətyanı parklanma sahəsi tələb olunur. Ofis sahəsinin icarə müddəti 24 ay nəzərdə tutulub.
"Dövlət Məşğulluq Agentliyi" publik hüquqi şəxsi aparat və mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasına dair tender keçirib.





















