Sabiq nazirin qızı üzr istədi - "Səmimi qəlbdən təəssüf edirəm..."
"Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm" Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva rejissor və ssenari müəllifi olduğu qalmaqallı “Məhsəti” filmi ilə bağlı instaqram hesabında etdiyi açıqlamasında bildirib. O, filminin Bakı Film Festivalının proqramından çıxarılmasından sonra yazdıqlarının tənqid məqsədi daşımadığını iddia edib: “Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi. Azərbaycanın bir vətəndaşı olaraq, ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm. Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir”. Xatırladaq ki, görkəmli şairə Məhsəti Gəncəvi ilə bağlı lentə alınmış filmdə Məhsəti obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilməsi geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu. Suad Qarayeva isə bundan əvvəl instaqram hesabında paylaşım edərək bildirmişdi ki, onun tərəfindən hazırlanan “Məhsəti” filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb.





















