“Həmin məntiqlə Məhəmməd adı da qadağan edilməlidir, çünki...” - Elşad Miridən ETİRAZ
Tanınmış ilahiyyatçı Elşad Miri "Məhəmməd" adı ilə bağlı qəbul edilən son qərara etiraz edib. Mediaxeberleri.Az xəbər verir ki, ilahiyyatçı Azərbaycanda Mamed və Məmməd adlarının qadağan edildiyini xatırladaraq bildirib ki, Məhəmməd adının əsli "Muhəmməd"dir. "Asan Xidmət" şöbələrinə verildiyi deyilən tapşırıqlara əsasən, Mamed, Məmməd adları Məhəmməd adının növləridir, ona görə də onların istifadəsi yersizdir. Elə Məhəmməd adını da yersiz qəbul edəkmi? Çünki Məhəmməd adının əsli Muhəmməddir. Yusifi Yusuf, hətta daha da əslinə qaytararaq Yozef edəkmi? Musanı Moşe, İsanı Yeşua olaraq əslinə qaytaraqmı?", deyə ilahiyyatçı əlavə edib. Xatırladaq ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, Azərbaycanda Mamed və Məmməd adlarının vahid forması kimi Məhəmməd adı müəyyən olunub. O qeyd edib ki, qərarla bağlı "ASAN Xidmət" mərkəzlərinə məlumat verilib: "Təsəvvür edin ki, bir ailədə həm Mamed, həm Məmməd, həm də Məhəmməd adında uşaqlar var. Əslində Mamed və Məmməd adlarının kökü elə Məhəmməddir. "ASAN xidmət" mərkəzlərindən də bizə tez-tez müraciət edirdilər ki, Mamed adının düzgün yazılış qaydasını bilmirik. Artıq bununla bağlı qərar qəbul olunub və vahid ad kimi Məhəmməd seçilib".