Şərurda təcili yardıma müraciət edən infarkt keçirmiş xəstələrə tibbi müdaxilə göstərilmir. Səbəb kimi rayon xəstəxanasında ürək müayinəsi üçün zəruri tibbi aparatların olmaması göstərilir.
Bu üzdən xəstələr 40 kilometr məsafədə yerləşən Naxçıvan şəhərindəki Mərkəzi Xəstəxanaya göndərilirlər.
Tibbi yardımın gecikməsi isə bəzi hallarda ağır fəsadlara, hətta ölümlə nəticələnən hadisələrə səbəb olur.
Sakinlərin “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, müraciət etdikləri xəstəxananın kardioloqları tibbi aparatların olmadığını deyirlər.
İnfarkt keçirmiş atasını təcili yardımla rayon xəstəxanasına aparan sakin B. M. deyir ki, yardım gecikdiyi üçün atası elə yoldaca dünyasını dəyişib:
“Atamın ürəyində anidən problem yarandığı üçün, təcili yardımla xəstəxanaya getdik. Kardioloq bizi düz-əməlli dinləmədən dedi ki, aparat yoxdur, işləmir, təcili aparın Naxçıvan şəhərinə. Soruşdum ki, burdakı aparat niyə işləmir? Çiyinlərini çəkib ‘bizlik deyil’ dedi. Baş həkimin yanına getdim, o isə əksinə dedi ki, aparat var, işləyir, sadəcə həkimin başı çıxmır. Həm xəstəxanada mübahisə edib vaxt itirdik, həm də şəhər yol uzaqdı deyə, atamı elə yoldaca itirdik.
Kordioloq bir şey deyir, baş həkim başqa şey. İndi hansı doğrudur? İnsan həyatı bu qədər ucuz ola bilərmi? Əgər bu həkim aparatla işləməyi bacarmırsa, niyə bu vəzifəyə təyin olunub? Başımıza gələn hadisəyə göə cavabdeh kimdir?”Yaşlı anasını müayinəyə aparan Nazim Məmmədli də yaşadığı çətinlikdən danışır:
“80 yaşlı anamın nəfəsi daralırdı, güclə xəstəxanaya apardım. Dedilər ki, aparat işləmir, Naxçıvana aparmaq lazımdır. Bu yaşda insanı o yolu necə aparım? Çarəsiz qalıb taksi tutdum və anamı Naxçıvandakı özəl klinikaya apardım. Gedib-qayıtmaq və müayinə 120 manata başa gəldi. Yolboyu anamın vəziyyəti ağır idi, çox əziyyət çəkdi. Rayonda bu xidmət işləmirsə, insanlar məcbur qalır özəl klinikalara üz tutsun. Bu, həm maddi yükdür, həm də yaşlı insanlar üçün böyük riskdir.”