200 milyondan çox insan evsiz qala bilər - XƏBƏRDARLIQ
Qlobal istiləşmə və iqlim dəyişikliyi sadəcə təbiət üçün deyil, eyni zamanda yaşayış yerlərini itirmək baxımından milyonlarla insan üçün də ciddi risk yaradır. Bu barədə BMT-nin son hesabatında qeyd edilib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, hazırda dünya üzrə təxminən 4.5 milyon insanın vətəndaşlığı yoxdur. Onların təqribən 90 faizi iqlim dəyişikliyinin fəsadlarına qarşı daha həssas olan dövlətlərdə məskunlaşıb. Dəniz səviyyəsinin yüksəlməsi xüsusilə kiçik ada ölkələri üçün böyük təhlükə mənbəyidir. BMT-nin proqnozlarına əsasən, əsrin sonuna qədər dünya okeanının səviyyəsi ən azı 0.5 metr, ən pis ssenaridə isə hətta 2 metrə qədər arta bilər. Bundan əlavə, Dünya Bankının "Groundswell" adlı tədqiqatı göstərir ki, zəruri tədbirlər görülməzsə, 2050-ci ilədək su qıtlığı, kənd təsərrüfatı istehsalının azalması və dəniz səviyyəsinin qalxması səbəbindən 216 milyonadək insan öz ölkəsi daxilində məcburi köçkünə çevrilə bilər. Bu böhran, ərazi itkisinin dövlətlərin gələcəyini və əhalinin mülki-hüquqi əlaqələrinin qorunmasını sual altında qoyduğu dəniz səviyyəsinə yaxın yerləşən ada ölkələrində özünü daha qabarıq şəkildə büruzə verə bilər. 





















