Bu il sığorta sektorunun gəlirləri artıb, mənfəət isə azalıb
2025-ci ilin yanvar-sentyabr ayları üzrə sığorta (təkrarsığorta) təşkilatlarının ümumi gəlirləri 1 milyard 230.9 milyon manat təşkil edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.9% çoxdur. Mediaxeberleri.Az rəsmi statistikaya istinadən xəbər verir ki, gəlirlərin strukturunda ən böyük artım sığorta haqları üzrə qeydə alınıb: 1 milyard 231.9 milyon manat (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14.2%) artım baş verib. Bununla yanaşı bəzi istiqamətlərdə geriləmə müşahidə olunub: Sığorta ödənişlərində təkrarsığortaçının payı 46.8% və sair gəlirlər 56.9% azalıb. Hesabat dövründə sığorta təşkilatlarının ümumi xərcləri 1 milyard 69.4 milyon manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11.7% çoxdur. Əsas artım sığorta ödənişləri üzrə qeydə alınıb: 703.7 milyon manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.7% artıb. Xərclərin artması nəticəsində xalis mənfəət ötən ilin 9 ayı ilə müqayisədə azalıb. Belə ki, bu ilin 9 ayı ərzində bu göstərici 131.6 milyon manat, ötən ilin analoji dövründə isə 149.8 milyon manat - 12.1% azalma - olub.





















