Qəhvənin qaraciyər və böyrəklər üçün FAYDALARI
Çinli alimlər müntəzəm qəhvə istehlakının böyrək və qaraciyər xəstəlikləri riskini azalda biləcəyini aşkar ediblər. Bu effekt kofeinin özü və ya ayrı-ayrı maddələrlə deyil, içkinin bioloji aktiv birləşmələrinin metabolitləri ilə əlaqəlidir. Bu barədə tədqiqatın nəticələri "Food & Function" (F&F) jurnalında dərc olunub. Müəlliflər içkinin hansı komponentlərinin həqiqətən qan dövranına daxil olduğu, bağırsaq mikrobiotası tərəfindən necə emal edildiyi və hansı emal olunmuş molekulların əhəmiyyətli bioloji təsirlər göstərdiyi ilə bağlı əvvəllər dərc olunmuş tədqiqatları təhlil ediblər. Nəticələr göstərib ki, məhz xlorogen turşularının, diterpenlərin və digər birləşmələrin metabolitləri əhəmiyyətli dərəcədə iltihabəleyhinə və antioksidan xüsusiyyətlərə malikdirlər. Böyük kohort və klinik tədqiqatlardan əldə edilən sistematik məlumatlar göstərir ki, müntəzəm qəhvə istehlakı sirroz, hepatosellülyar karsinoma, alkoqolsuz yağlı qaraciyər xəstəliyi və xroniki böyrək xəstəliyi riskini azaldır. Eyni zamanda, alimlərin fikrincə, əsas rolu içkinin orijinal molekulları deyil, qanda dövran edən və toxumalara təsir edən onların çevrilmə məhsulları oynayır. Qoruyucu effektin gücünə hazırlama üsulu da təsir göstərir: filtrasiya, qovurma və üyüdülmə dərəcəsi aktiv birləşmələrin konsentrasiyalarını və onların biomənimsənilməsini dəyişdirir. Tədqiqatçılar həmçinin əhəmiyyətli fərdi dəyişkənliyi də vurğulayırlar - maddələr mübadiləsinin genetik xüsusiyyətləri və bağırsaq mikrobiotasının tərkibi qəhvənin təsirlərini müəyyən edə bilər.Oxu.Az





















