"Napoli" - "Qarabağ" oyunu təxirə salınır?
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində İtaliyada keçiriləcək "Napoli" - "Qarabağ" oyunu pis hava şəraiti səbəbindən təxirə salına bilər. Bu barədə Oxu.Az İtaliya KİV-ə istinadən xəbər verir. Məlumata görə, matçın keçiriləcəyi Neapol şəhərində pis hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, hətta şəhərin bəzi ərazilərində hava xəbərdarlıq səviyyəsi sarıdan narıncıya qədər yüksəldilib. Hava proqnozuna əsasən, bölgədə yağıntının artması, leysan və güclü ildırım gözlənilir ki, bu da hidrogeoloji qeyri-sabitlik və daşqın riski də daxil olmaqla, bir çox ciddi fəsadlara gətirib çıxara bilər. Eyni zamanda, güclü külək açıq sahil xətləri boyunca qasırğa dalğalarına səbəb ola bilər. Təşkilatçılar yerli hakimiyyət orqanları ilə birlikdə mümkün profilaktik tədbirləri müəyyən etmək üçün vəziyyəti yaxından izləyəcəklər. Həmçinin Neapol bələdiyyəsi bununla bağlı verdiyi bəyanatda hələ ki matçın təxirə salınmasının nəzərdə tutulmadığını bildirib. "Dieqo Armando Maradona adına stadion "Napoli" matçları üçün adi rejimdə açıq olacaq. Hazırda "Napoli" - "Qarabağ" matçının təxirə salınması gözlənilmir. Lakin biz ən yaxşı şəkildə hazırlıqlı olmalıyıq, çünki bütün axşam boyunca aramsız yağış yağacaq", - deyə bəyanatda qeyd edilib.





















