Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialı tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində növbəti əmək yarmarkası keçirilib.
Yarmarkada Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Ziya Məmmədov, eləcə də aidiyyəti üzrə digər məsul şəxslər iştirak ediblər.
Yarmarkaya 14 özəl müəssisə tərəfindən ümumilikdə 92 boş iş yeri təqdim olunb. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqının məbləği 400-1000 manat aralığında təşkil edib.
Qeyd edək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd Qazax-Tovuz iqtisadi regionunda məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz və işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.
Yarmarkada qeydiyyatdan keçərək iştirak edən 94 nəfər işsiz və işaxtaranlar sırasında, o cümlədən müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıblar. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.