Ağstafada bağça müdirinin vəzifəsindən sui-istifadə etdiyi iddia edilir - VİDEO
Ağstafada bağça müdirinin vəzifəsindən sui-istifadə etməsi ilə bağlı iddialar səsləndirilib. Mediaxeberleri.Az-ın məlumatına görə, rayonun Vurğun qəsəbəsində yerləşən 1 saylı körpələr evi-uşaq bağçasının bir neçə işçisi iddia edir ki, müdir Afaq Fatapur vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özbaşınalıqlara yol verir. İddialara görə, körpələr evinin müdiri qruplardan birini bağlayıb və bir neçə işçini ixtisara salıb. Digər şikayətçilər isə iddia edirlər ki, təlim-tərbiyə ocağının müdiri Afaq Fatapur daxili idarəçilikdə də idaretmə qaydalarını pozur və işçilərlə özünün təyin etdiyi qaydalara əsasən davranır. İşçilər onu da bildirirlər ki, 55 yerlik bağçada hazırda cəmi 5 uşaq var. Valideynlər də işçilərin iddialarını təsdiqləyirlər. Onların sözlərinə görə, qəsəbə icra nümayəndəsinin tərtib etdiyi siyahıda 20 uşaq bağça üçün qeydiyyat gözləyir. İttihamlarla əlaqədar Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, mövcud vəziyyətdən məlumatlıdırlar. Qeyd edildi ki, ötən il bağçada 3 qrup fəaliyyət göstərib. Məktəbəqədər təhsil müəssisələrində komplektləşmə prosesi sentyabrın 1-də başa çatıb. Bu müddət ərzində bağçada 1-3 yaşlı qrupa elektron sistem üzərindən müraciət gəlmədiyi üçün qrup açılması mümkün olmayıb. Bu səbəbdən də 5 nəfər əməkdaşın ştatında azalma, 1 nəfərdə isə ixtisar zərurəti yaranıb. İxtisar olunan əməkdaşa qəsəbə ərazisində yerləşən təhsil müəssisəsində uyğun vakant yer təklif edilib. Qurumdan o da bildirildi ki, idarənin səlahiyyətləri xaricində olan digər iddialar isə hüquqi müstəvidə öz həllini tapmalıdır. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: