SOCAR və Qətərin UCC holdinqi arasında Anlaşma memorandumları imzalanıb
SOCAR ilə Qətərin "UCC Holding" şirkəti arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, "UCC Holding"in sədri Mutaz al-Xayyatın və digər yüksəksəviyyəli rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə sənədləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və "UCC Holding"in prezidenti Ramez al-Xayyat imzalayıblar. "Anlaşma memorandumları enerji dəyər zəncirinin bütün istiqamətləri, o cümlədən neftin və qazın kəşfiyyatı, hasilatı, nəqliyyat və saxlanma infrastrukturunun inkişafı, emal və neft-kimya layihələri, xam neft, neft məhsulları və aviasiya yanacağının ticarəti və təchizatı, həmçinin yüksək səmərəliliyə malik kombinə edilmiş qaz turbinli elektrik stansiyalarının tikintisi sahələri üzrə əməkdaşlığı əhatə edir. Azərbaycan və Qətər hökumətlərinin dəstəyi ilə Suriya Ərəb Respublikasında enerji sektorunun bərpasının sürətləndirilməsinə dair imzalanmış sənəd Suriyanın ümumi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Tərəfdaşlıq Suriyanın əsas enerji infrastrukturunun müasir təcrübələr və standartlar əsasında yenidən qurulmasına töhfə verəcək. Şirkətlər arasında imzalanmış ikinci sənəd isə SOCAR və "UCC Holding"in digər ölkələrdə əməkdaşlığını və beynəlxalq enerji bazarlarında birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur",- məlumatda bildirilib. "Enerji sahəsində strateji tərəfdaşlıqlar qlobal miqyasda iqtisadi əməkdaşlığımızı gücləndirir". Mediaxeberleri.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında qeyd edib. "SOCAR və Qətərin UCC holdinqi arasında imzalanan Anlaşma Memorandumu üçüncü ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində əməkdaşlıq üçün yeni imkanlar açır. Şirkətlərin imzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorunda tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun bərpasına, regionun davamlı inkişafına mühüm töhfə verəcək", - deyə Mikayıl Cabbarov bildirib.