Sabirabadda yüksək bal toplayan şagirdlər mükafatlandırılıb
Sabirabad rayonunda 2025-ci ildə ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib. Sabirabad Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, görüşdə rayon icra hakimiyyətinin, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin , Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Mil-Muğan Regional Təhsil İdarəsinin rəsmiləri, tələbə adını qazanan gənclər və onların valideynləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı nəticəsində bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artmasının dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsi olduğu diqqətə çatdırılıb. Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri əməli işləri ilə cavab verəcəklərini, elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər olacaqlarını vurğulayıblar. Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb, həmçinin Fəxri fərman ilə təltif ediliblər.