Ağstafada səyyar görüş zamanı qaldırılan daha bir məsələ müsbət həllini tapdı
Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Ağstafa rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. Avqustun 21-də rayon rəhbərliyinin Qıraq Kəsəmən kəndində vətəndaşlarla keçirilən səyyar görüşü zamanı kənd sakinlərinin etdikləri müraciətin müsbət həllini tapması dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq. Qərb bölgəsində bol məhsul götürmək üçün suvarma suyuna böyük ehtiyac var. Uzun illər əkin sahələrini suvarmaq üçün kəndlilər torpaq arxlarla su aparmalı olurdular ki, bu da həm vaxt həm də su itkisinə səbəb olurdu. Artıq bölgədə bu problem həll edilmək üzrədir. Bunun üçün Ağstafa rayonunda köhnə su kanalları yenilənir. Hazırda uzunluğu 5 kilometr olan Poylu, Qıraq Kəsəmən kəndləri və Poylu qəsəbəsi ərazisində su arxlarının betonlanması işləri görülür. Beton kanallar istifadəyə verildikdən sonra Ağstafada 6 min hektardan çox ərazini rahat suvarmaq mümkün olacaq. Hazırda Ağstafa rayonunda (sözü gedən ərazidə) beton kanalların tikilib istifadəyə verilməsi üçün sürətli iş gedir. Kənd sakinləri onlara göstərilən qayğıya və müraciətlərinə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bu, hər bir dövlət məmurunun iş fəaliyyətinin tərkib hissəsi olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına nümunədir.