Ağstafada qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün növbəti qanvermə aksiyası təşkil olunub
Qanvermə aksiyası talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxs və Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Ağstafa Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada rayonun məsul şəxsləri, ictimaiyyət nümayəndələri, könüllü donorlar iştirak ediblər. Xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Qanvermə prosesinin təhlükəsiz və sanitariya-normalara uyğun şəkildə təşkili təmin olunub. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.