Naxçıvan Dövlət Universitetindən yayılan iddialara CAVAB: "Hüquqi addımlar atılacaq"
Naxçıvan Dövlət Universiteti son günlər sosial şəbəkələrdə və bəzi qeyri-rəsmi informasiya resurslarında yayılmış dezinformasiyalara münasibət bildirib. Universitetdən Mediaxeberleri..Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bəzi dekanların tələbələrə qarşı qeyri-etik hərəkətlər etməsi barədə yayılan məlumatlar tamamilə əsassızdır: "Universitetdə müəllim-tələbə münasibətlərində etik qaydalara və qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunur. İmtahan prosesi mərkəzləşdirilmiş qaydada, şəffaflıq prinsipləri əsasında təşkil olunur və qiymətləndirmə obyektiv aparılır". Qeyd olunub ki, məsələ universitet rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, araşdırma aparılıb və heç bir rəsmi şikayət və ya sübut aşkarlanmayıb: "Aparılan yoxlamalar nəticəsində yayılan məlumatların heç bir əsasının olmadığı ortaya çıxıb. Artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub və yalan məlumat yayan şəxslər barəsində qanuni tədbirlərin görülməsi üçün proses başlanılıb".