İsrail İranın bu şəhərlərini də bombalayıb - 78 nəfər həlak olub, 329 nəfər yaralanıb
Məlum olduğu kimi, işğalçı İsrail rejiminin uzun müddətdir planlaşdırdığı İrana qarşı əməliyyat bu gecə reallaşıb. Müxtəlif bölgələrə yönəlmiş hava hücumlarında onlarla hərbi obyekt hədəfə alınıb. Rəsmi Tehranın açıqlamasına görə, hücum nəticəsində 78 nəfər həlak olub, 329 nəfər yaralanıb. İran Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, hücumlar zamanı bir neçə yüksək rütbəli hərbçi və nüvə sahəsində çalışan elm adamları həyatını itirib. Hücumlar Təbriz, İsfahan, Həmədan və Tehran şəhərlərini əhatə edib. Həmədan şəhərində ölkənin ən mühüm erkən xəbərdarlıq bazalarından biri olan Subaşı Radar Mərkəzi hədəfə alınıb. Kirmanşah bölgəsində hərbi kazarmalar, radar sistemləri və Xosrovi Sərhəd Qapısı vurulub. Lorestan əyalətindəki hərbi obyekt də vurulan yerlər arasındadır. Bundan əlavə, İran dövlət televiziyası Şiraz şəhərinə yeni hücumun həyata keçirildiyini açıqlayıb. İranın uranın zənginləşdirilməsi fəaliyyətlərinin mərkəzi olan İsfahandakı Natanz Nüvə Müəssisəsi də ikinci dəfə hücuma məruz qalıb. İran dövlət televiziyası İsrailin yenidən obyektə raketlər göndərdiyini bildirib.