Hərbi zavod vuruldu, hava limanları bağlandı – Ukrayna Rusiyanın hərbi sənayesinə zərbələr endirir
İyunun 9-na keçən gecə Ukrayna ordusu Rusiyanın Çuvaşiya Respublikasının paytaxtı Çeboksarıda yerləşən “VNIIR-PROGRESS” elmi-istehsalat müəssisəsinə dron hücumu həyata keçirib. Hücum nəticəsində müəssisə ərazisində yanğın baş verib və istehsal müvəqqəti dayandırılıb. Hədəf alınan zavod Rusiya ordusu üçün yüksək dəqiqlikli silah sistemlərində istifadə edilən naviqasiya və nəqliyyat avadanlıqları istehsal edir. Bu, hücumun sırf hərbi-strateji məqsəd daşıdığını göstərir. Çuvaşiyanın rəhbəri Oleg Nikolayev hücumu təsdiqləyərək bildirib ki, daha iki dron Çeboksarı və Krasnoarmeysk rayonlarında açıq sahələrə düşüb. Ölən və yaralanan yoxdur. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Çuvaşiya ilə yanaşı, Kursk, Nijniy Novqorod, Voronej, Orlov, Bryansk və Belqorod vilayətlərində ümumilikdə 49 Ukrayna dronu məhv edilib. Voronej vilayətində dron qalıqları qaz kəmərinə və bir neçə evə zərər vurub. Hücumların fonunda Rusiyanın bir neçə böyük şəhərində hava limanları müvəqqəti bağlanıb. Bu da Ukrayna dronlarının Rusiya hava məkanında real təhlükə yaratdığını göstərir. Son aylar ərzində Ukrayna Rusiya ərazisindəki yanacaq bazalarına, zavodlara və hərbi obyektlərə dron zərbələrini intensivləşdirib. Ekspertlərə görə, bu hücumlar Rusiya ordusunun texniki təminatını zəiflətməklə yanaşı, əhali arasında da psixoloji narahatlıq yaradır. Nəticə etibarilə, Çeboksarıdakı hücum Ukraynanın Rusiya daxilində strateji təşəbbüsü ələ almağa davam etdiyini göstərir. Müdafiə Nazirliyinin açıqladığı statistik məlumatlar isə təhlükəsizlik sahəsindəki real problemləri ört-basdır etmək cəhdidir. Rasim Əliyev
AzPolitika.info