Zelenski Rusiya ilə bağlı bu sənədi Trampa verib: Görün hansı məlumatlar var
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa Rusiyanın keçmişdə bütün atəşkəs rejimini pozması ilə bağlı faktları çatdırdığını bildirib. Mediaxeberleri.Az xəbər verir ki, bunu Zelenski “Ukraynaya dəstək” plenar iclasında çıxışı zamanı deyib. "Bu il əsl, etibarlı sülhün başlanğıc ili olmalıdır. Putin bizə bu sülhü verməyəcək. Onu nəyinsə müqabilində verməyəcək. Biz sülhü güc, müdriklik və birlik sayəsində əldə etməliyik. Sizinlə əməkdaşlığımız sayəsində əldə etməliyik. Sülh bir saatda elan oluna bilməz. Bunu bir gündə - bu gün, sabah, o biri gün elan etmək olmaz. Təəssüf ki, bu, reallıqdır", - Zelenski qeyd edib. O, ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun səfərindən də danışıb. "General Kelloq Ukraynada olarkən mən ona ABŞ prezidentinə təqdim etməsi üçün sənəd verdim. Sənəddə Rusiya tərəfindən pozulan atəşkəslərin siyahısı, konkret tarixləri yer alır. Buna görə də sülh balanslaşdırılmış diplomatiyanın və tamamilə aydın təhlükəsizlik zəmanətlərinin nəticəsi ola bilər", - Zelenski vurğulayıb.