Piyadanı maşınla vurub öldürərək hadisə yerindən qaçan sürücü ilə bağlı QƏRAR
Ali Məhkəmədə yol qəzası törədib və hadisə yerindən qaçmaqda təqsirləndirilən Əsgər Qaraşovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 30 iyul 2023-cü ildə, saat 23 radələrində Üçtəpə-Gülməmmədli yolunun Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ə.Qaraşov idarə etdiyi “QAZ-33021” yük markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsinin sağ kənarı ilə piyada hərəkətdə olan zərərçəkmiş Ayət Abıyevi maşının qabaq hissəsi ilə vurub və sonra sürücü hadisə yerindən qaçıb. Nəticədə piyada bir gün sonra ölüb.
Hadisədən sonra Ə.Qaraşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Masallı Rayon Məhkəməsinin təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilib, Masallı Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə qaldırılıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.