Kişi sevgilisini arvadına göndərdiyi fotoya görə döydü - HÖKM
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Amil Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 1300 manat məbləğində cərimə cəzası təyin olunub. İttihama görə, hadisə 22 avqust 2024-cü il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb. Belə ki, Amil Quliyev qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Yasəmən Səmədova (şərti) ilə mübahisə edib. Buna səbəb isə qadın onun evinin həyətində çəkdiyi fotoşəkli təqsirləndirilən şəxsin həyat yoldaşına göndərməsi olub. Buna görə də Amilin ailəsində mübahisə yaranıb. Sonra o, Yasəməni vurub döşəməyə yıxaraq bədəninin müxtəlif nahiyələrinə əl və ayaqla qəsdən zərbələr endirib. Nəticədə Amil qadına qəsdən sağlamlığına yüngül zərər yetirib. Hadisədən sonra Amil Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.