Avtomobil bir növ mühərrik yağına "öyrəşə" bilərmi? Ekspertdən AÇIQLAMA
Sürücülər arasında avtomobilin müəyyən bir istehsalçının mühərrik yağına "öyrəşdiyi" fikri var. Bəs bu belədirmi? Mediaxeberleri.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Vitali Derevkov danışıb. Onun sözlərinə görə, bu fikirlər mifdən başqa bir şey deyil. "Hər bir mühərrik, ötürmələr qutusu, əyləc sistemi növü üçün qovşaq, ya aqreqatın düzgün və fasiləsiz işləməsini təmin edən xüsusi mayelər tələb olunur. Avtomobil istehsalçıları öz tövsiyələrində yağlar, transmissiya, soyuducu və tormoz mayeləri üçün müvafiq icazələri göstərirlər. Burada həqiqətən seçim zamanı səhv etməmək çox vacibdir", - deyə ekspert qeyd edir. Mütəxəssisin sözlərinə görə, sürücülər arasında yağa "öyrəşmə" barədə belə fikirlər səhv seçilmiş mayelər səbəbindən yaranır. "Əslində çox vaxt istehsalçı zavodun tələblərinə əməl edilməməsi səbəbindən mühərrikin yağ sistemində problemlər yaranır", - deyə o əlavə edib. Avtomobil eksperti qeyd edib ki, mühərriklə bağlı problemlərdən qaçmaq üçün yağları yalnız yoxlanılmış yerlərdən almaq lazımdır. "Həmçinin hər bir kanistrdə "icazə", "təsdiq" və "uyğunluq" kimi qeydlərə diqqət yetirmək lazımdır. Məsələn, əgər yağda avtomobil istehsalçısının "icazə"si varsa, müəyyən avtomobilin istehsalçı zavodu mayenin tərkibini laboratoriya şəraitində yoxlayıb. Əgər "uyğunluq" göstərilibsə, deməli istehsalçı yağın rəsmi icazə üçün lazım olan parametrlərə uyğun olduğu qənaətinə gəlib", - deyə o bildirib.