Müəllimlərin səbirsizliklə gözlədiyi TƏHSİL KARTLARI: Proses nə zaman başlayır?
Azərbaycanda təhsil sahəsində çalışanlar üçün xüsusi güzəşt və imtiyazları özündə birləşdirən "Təhsil kartları" layihəsi həyata keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, bu kartların müəllimlər, məktəb rəhbərləri və digər təhsil işçiləri üçün nəzərdə tutulduğu və kartların verilməsinə gələn ildən başlanılacağı bildirilir. Bəs bu kartların hazırlanması prosesi nə qədər vaxt alacaq? Təhsil işçiləri bu kartları nə zaman əldə edə biləcəklər? Məsələ ilə bağlı Mediaxeberleri.Az-a açıqlama verən Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova bildirib ki, bu gün bu prosesin, ümumilikdə, neçə ay sürə biləcəyi barədə fikir söyləmək mümkün deyil. "Layihə müzakirə mərhələsindədir. İcrasına növbəti ildən başlanacaq. Öncə layihənin tərəfdaşları ilə bağlı geniş araşdırma aparılacaq. Burada, yəqin ki, VISA beynəlxalq ödəmə sistemi ilə əməkdaşlıq ediləcək. Biz "TələbəPlus" kartlarını onlarla birgə icra edirik deyə düşünürəm ki, "Təhsil kartları"nın da tərəfdaşı dəyişməyəcək. "Təhsil kartı"nda tərəfdaşımızın hansı bank olacağı da hələ dəqiq deyil, bu barədə danışıq olmayıb. Kartlarda hansı imtiyazların olacağı da hələ ki müəyyən olunmayıb. Sadəcə, onu deyə bilərəm ki, layihənin icrasına növbəti ildən, mərhələli şəkildə, bütün tələbələrin, peşə təhsili alanların və kollecdə oxuyanların kartları verilib yekunlaşdıqdan sonra başlanılacaq", - deyə N.Qədirova vurğulayıb. O qeyd edib ki, prosesin neçə ay çəkə biləcəyi sualına cavab vermək ona görə çətindir ki, həlli müəyyən zaman tələb edən bir çox məsələlər var. "Məsələn,"TələbəPlus" kartının, sadəcə, araşdırması minimum altı ay çəkmişdi. Bundan sonra həmin kartların Çindən sifariş olunması prosesi var. Bundan əlavə, bütün təhsil müəssisələrinin mühasibatlığında müəyyən dəyişikliklər olunmalıdır, yeni hesablar açılmalı, tərəfdaş bank seçilməlidir və s. Bu səbəbdən hər hansı tarix deyib çaşqınlıq yaratmaq istəmərəm", - deyə N.Qədirova bildirib.