Dekabrda havanın temperaturu... - Xidmət rəsmisi
2024-cü ilin dekabr ayının ötən dövründə ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Mediaxeberleri.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O deyib ki, Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 16 gün normadan yuxarı, 1 gün norma daxilində, 6 gün isə normadan aşağı olub. Onun sözlərinə görə, dekabrın ötən dövründə maksimal temperatur dekabrın 18-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə Sabirabad rayonunda 17 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 15.9 dərəcə isti olub. Minimal temperatur isə ölkə üzrə dekabrın 15-i Şahdağda 22 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə 2.6 dərəcə şaxta müşahidə olunub: "Bölgələr üzrə dekabrın ötən dövrü ərzində 13 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 219 faizi olmaqla Bakı və Abşeron yarımadasına, bölgələr üzrə aylıq normanın 132 faizi olmaqla Mərkəzi Aran zonasına düşüb". G. Abbasova qeyd edib ki, dekabr ayının ötən dövrünün bəzi günlərində ölkə ərazisinin əksər bölgələrinə sulu qar, qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü dağlıq rayonlarda 10-20 sm, Bakı və Abşeron yarımadasında 2 sm olub. “Dekabr ayının ötən dövrünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə 9 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 34 m/s-dək güclənib", - deyə o qeyd edib.