Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri olmuş Salatın Əsgərovanın doğum günüdür. Mediaxeberleri.Az-ın məlumatına görə, Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Elə həmin il müqavilə ilə "Bakı" qəzetində, dörd il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Salatın Əsgərovanın toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı olub. Salatın tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən "Omonçular" olub. 1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçular tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub, Salatın Əsgərova amansızca qətlə yetirilib. Salatın Əsgərova Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn edilib. 6 noyabr 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Qeyd edək ki, o, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. Salatın Əsgərovanın yeganə övladı Ceyhun Əsgərov da jurnalistdir.