Anası şəhid oğlunun məzarı başında hansı sirri öyrənib? - VİDEO
"Baku" TV-də Vətən müharibəsi şəhidi Şahmar Səfərov haqqında reportaj yayımlanıb. Mediaxeberleri.Az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı şəhid olan leytenant Şahmar Səfərov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Oğlu ilə bağlı xatirələrindən danışan Pakizə Səfərova bildirib ki, hərbçi olmaq Şahmarın çoxdankı arzusu olub: "Oğlumun hərbçi olmasını istəmirdim. 8-ci sinifdən hərbiyə getmək istəyirdi, qoymadım. Daha sonra ali təhsilə yönləndirməyə çalışdım, amma istəmədi. Şahmar öz qərarında duran uşaq idi, onu fikrindən döndərə bilməzdim". Pakizə Səfərova oğlunun şəhid xəbərini necə almasından danışıb: "Müharibənin başlamasından xəbərim yox idi, yas yerində öyrəndim. Özümü narahat hiss etdim, tez durub evə getdim. Televizorda torpaqlarımızın bir qisminin azad edildiyini və şəhidlərimizin olduğunu eşitdim. Heç düşünmədim ki, Şahmar da o şəhidlərin sırasında olar. O ki hərbinin sirlərini bilir. Baldızlarım bizə gəlmişdi, dedim "niyə gəlmisiniz? Şahmar şəhid olub?". Dedilər "hə". Bunu eşidəndə elə bil ki, məni ildırım vurdu". Şəhid anasının sözlərinə görə, oğlunun sevdiyi qız var idi: "Fəxri xiyabanda bir qadın mənə yaxınlaşdı. Dedi ki, bir qızı Şahmarın məzarının önündə ağlayan zaman görüb. Qızdan soruşub "bu şəhidin nəyisən?". Qız Naxçıvandan gəldiyini və Şahmarın sevgilisi olduğunu deyib. Oğlum ona üzük alıbmış. Sevgilisi üzüyü çıxarıb torpağa basdırmaq istəyib. Deyib "özü yoxdur, üzüyü niyə saxlayım?". Qadın mane olmağa çalışıb. İndi qızın həmin üzüyü saxlayıb-saxlamadığını bilmirəm". Ətraflı reportajda: