Yaralanan Ağdam sakini: “Traktordan yerə düşdükdən sonra da ermənilər atəşi davam etdirdilər” - FOTO
“Ağdam şəhərində bərpa işləri aparan şirkətdə çalışıram. Ötən gün ermənilər işlədiyim texnikanı top mərmisi ilə atəş tutdular. Nəticədə qəlpə yaraları aldım”. Mediaxeberleri.Az xəbər verir ki ,bunu “Report”un Qarabağ bürosuna açıqlamasında ötən gün Ermənistanın terroru nəticəsində yaralanan Ağdam rayonunun Baş Qərvənd kəndinin sakini Mehman Həsənov bildirib. “Bir müddətdir ki, işğaldan azad edilmiş Ağdam şəhərində quruculuq işləri ilə məşğul olurdum. Ötən gün çalışan zaman qəflətən traktorun silkələnməsini hiss etdim. Texnikanı saxladım və aşağı düşmək istəyən zaman ayağımda uyuşma hiss etdim”, - deyə o qeyd edib. M.Həsənov traktordan yerə düşdükdən sonra belə, ermənilərin atəşi davam etdirdiyini bildirib: “Qolumdan da yaralandım və daha sonra nələrin baş verdiyindən xəbərim olmadı”. Qeyd edək ki, M.Həsənov son üç gün ərzində Ermənistanın dinc sakinlərimizə qarşı törətdiyi terror aktının qurbanı olan şəxslərdən biridir. O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir.