Naxçıvanda yeddi rayonun baş həkimləri niyə işdən azad olunublar?
Bəzi kütləvi informasiya vasitələrində Naxçıvan Muxtar Respublikasının yeddi rayonundakı baş həkimlərin və Mərkəzi Xəstəxananın direktorunun işdən azad olunması ilə bağlı məlumatlar dərc olunub. Mediaxeberleri.Az xəbər verir ki, yayılan məlumatda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək Regional Tibb mərkəzlərinin direktorları və baş həkimlərinin, eləcə də "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsin direktorunun işdən azad edildiyi iddia olunur. Məlumatı dəqiqləşdirmək üçün Muxtar Respublikanın Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu, struktur dəyişikliyi ilə bağlıdır. "Bildirmək istəyirik ki, Naxçıvan Muxtar Respublikasında Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TMİB) yaradılır. Şərur Regional Tibb Mərkəzinin (Şərur, Kəngərli və Sədərək), Culfa Regional Tibb Mərkəzinin (Culfa, Ordubad ) və eyni zamanda Babək və Şahbuz Rayon Mərkəzi xəstəxanalarının və Naxçıvan Mərkəzi Xəstəxanasının direktor və baş həkimlərinin işdən azad olunmalarına səbəb Muxtar Respublikada Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) yaranmasıdır. Həmin bu adıçəkilən xəstəxanalar Səhiyyə Nazirliyinin tərkibindən çıxaraq TMİB-nin tərkibinə keçəcəklər. Hazırda təhvil-təslim işləri aparılır və bu işlər artıq yekunlaşmaq üzrədir. Məhz sənədləşmə prosesinə görə həmin direktor və baş həkimlər Səhiyyə Nazirliyində işdən azad olunaraq TMİB-də işə bərpa olunacaqlar. Yəni həkimlər sənədləşmə işlərinin düzgün aparılması üçün Səhiyyə Nazirliyindən çıxıblar, bundan sonra onların əmək kitabçalarına Səhiyyə Nazirliyi deyil, TMİB yazılacaq", - deyə açıqlamada vurğulanır.