Naxçıvanda sahibkarları DİNLƏYƏN YOXDUR - ETİRAZ VAR...
Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın sahibkarı mağazalarını bağlayıblar.
Onlar yerhaqqının qaldırıldığına etiraz edirlər.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Meydan TV-yə sahibkarlardan Məmməd Bəyimov danışıb.
Məmməd Bəyimovun sözlərinə görə, mağaza sahibləri əvvəllər vergi və sosial ödənişlər də daxil hər ay 350 manat ticarət mərkəzinə ödəmə edirdilər:
“Yəni hər şey 350 manatın içindəydi. Lakin 1 ay əvvəl tələb qoydular ki, 110 manat vergi və sosiala ödəyəcəksiniz, 350 manat isə əvvəlki qaydada qalır. Bu gün 110+350 manat tələb edildikdə, sahibkarlar dükanları bağlayıb etiraza başladılar, çünki o qədər pulumuz yoxdur. Məsələ ondadır ki, “Cahan” Ticarət Mərkəzi iki hissədən ibarətdir, aşağıdakılara belə tələb qoyulmadığından etiraz etmirlər, yuxarıdakılar isə bu gün işə çıxmayıblar”.
Sahibkar hələ rəsmi qurumlara müraciət etmədiklərini bildirib:
“Hara şikayət edək, baxan varmı?”
Sahibkarların narazılıqları ilə bağlı Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları ilə əlaqə saxlamaq mümkün olmayıb.