Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
Mediaxeberleri.Az xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının kollektivi Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı, hərbi həkim Adil Əfəndiyevin məzarını ziyarət edib. Ziyarət zamanı şəhidimizin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Xalqına, peşəsinə sədaqətlə xidmət etmiş, son nəfəsinədək hərbçi andına sadiq qalmış Adil həkim heç vaxt unudulmayacaq. Onun həyat yolu hər bir tibb işçisi üçün şərəf və qürur nümunəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun! Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. 25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Şəhid hərbi həkim Adil Əfəndiyevin xatirəsi ehtiramla anıldı





















