Türkiyədə zəlzələdən qorxan 27 yaşlı gənc özünü ikinci mərtəbədən atıb
Dünən Çanaqqalada baş verən 4,9 bal gücündəki zəlzələ bir nəfərin ölümünə səbəb olub. Mediaxeberleri.Az xəbər verir ki, Türkiyənin Mərmərə bölgəsində hiss edilən zəlzələ zamanı 27 yaşlı İsmail Toygar adlı şəxs qorxudan özünü binanın 2-ci mərtəbəsindən atıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat paylaşıb. "Çanaqqala Yenicedə baş verən və Balıkesir ilə İstanbulda da hiss edilən 4,9 bal gücündəki zəlzələ Bursanın Nilüfer rayonunda bir vətəndaşımızın qorxusundan özünü ikinci mərtəbədən atmasına səbəb olub. O, ağır yaralanıb, təcili yardımla aparıldığı Çekirge Dövlət Xəstəxanasında bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Allahdan rəhmət, ailəsinə başsağlığı diləyirəm. Allah hamımızı fəlakətlərdən qorusun", - deyə nazir bildirib.