Yanvarın 1-dən bu avtomobillər qeydiyyata alınmayacaq
Yanvarın 1-dən Gürcüstan hakimiyyəti 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin qeydiyyatına qadağa qoyub. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə respublika hökuməti müvafiq qərar qəbul edib. Bu qərar avtomobillər üçün Avro-5 standartının tətbiqi ilə əlaqədar və havanın çirklənməsi ilə mübarizə çərçivəsində qəbul edilib. Yenilik Gürcüstanda artıq qeydiyyatda olan, 2013-cü ildən əvvəl istehsal olunmuş, həmçinin təkrar ixrac və ya tranzit üçün nəzərdə tutulan avtomobillərə şamil edilməyəcək. Eyni zamanda, hakimiyyət 2013-cü ildən əvvəl istehsal olunmuş, 2023-cü il dekabrın 1-dən əvvəl xaricdən alınıb, konteynerə yüklənərək Gürcüstana göndərilən, lakin respublikaya 2024-cü il yanvarın 1-dən sonra gələcək avtomobillər üçün istisna edib. Onların qeydiyyatı rədd edilməyəcək. 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalına qadağa qoyulması ideyası Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə məxsusdur. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilədək respublikada 1,5 milyondan çox avtomobil, 635 mindən çox benzin mühərrikli, 300 mindən çox dizel mühərrikli avtomobil qeydiyyata alınıb.