Goranboyda sel fəlakəti: Yollara, əkin sahələrinə ziyan dəyib, 37 yaşayış məntəqəsi işıqsız qalıb - FOTO
Ötən gecə Goranboya yağan leysan yağışlar ciddi fəsadlar törədib. “Report”un Qərb bürosunun məlumatına görə, leysan yağışlar nəticəsində rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi artıb. Dağlardan axıb gələn sel suları 10-a yaxın kəndin ərazisindən keçərək müxtəlif fəsadlar törədib, 37 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Sel suları Azad, Dəyirmanlar kəndləri ərazisində əkin yerlərinə, yeni səpilmiş yonca sahələrinə də ziyan vurub. Rayonun Qazançı, Goranlı, Kürəkçay kəndləri ərazisindən axıb keçən sel suları kəndlərarası yollarda çətinlik yaradıb. Goranboyda ötən gecədən başlayan güclü yağışdan sonra yaranan sel nəticəsində rayonun Gürzallar kəndinə gedən avtomobil yolunda hərəkət dayanıb. Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası selin fəsad törətdiyi ərazilərdə monitorinqlər aparıb, lazımi texnikaları cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.Bizimlə əlaqə saxlayın